Logo

ADPU-da Magistrantların IV Respublika Elmi Konfransı keçirilmişdir

28.04.2021 19:31 1554 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 27-28 aprel 2021-ci il tarixlərində onlayn formatda “Pedaqoji elmlərin nəzəriyyəsi və praktikasının aktual problemləri: müasir yanaşma” Magistrantların IV Respublika Elmi Konfransı keçirilmişdir.  Konfrans ADPU-nun 100 illiyinə həsr edilmişdir.


Respublika Elmi Konfransında ADPU, BDU, ADNSU, NDU və digər ali məktəblərin magistrantlarının 450-yə qədər məzurələri dörd bölmədə dinlənilib və müzakirə edilib. 


Konfransı ADPU-nun rektoru, professor Cəfər Cəfərov açaraq son illərdə universitetin təhsil və elm sahəsindəki nailiyyətləri barədə məlumat verib. Rektor vurğulayıb ki, ADPU-da magistratura səviyyəsində həyata keçirilən layihələr magistr hazırlığına müsbət təsirini göstərir. Bu layihələr sırasında magistrantların respublika elmi konfransları xüsusi əhəmiyyətə malikdir. Belə ki, magistrantlar elmi tədqiqat işlərinin nəticələrini konfranslarda tanınmış mütəxəssislərin iştirakı ilə müzakirəyə çıxarmaqla yaxşı təcrübə toplayır ki, bu da magistr dissertasiya işlərinin müdafiəsində özünü xüsusilə göstərir. Magistrantlarımız daim öz üzərlərində çalışmalı, bilik və bacarıqlarını artırmalı, rəqəmsal bilikləri, dünyanın aparıcı xarici dillərini dərindən öyrənməli, vətənpərvər olmalıdırlar. Rektor çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb.


Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov çıxışında ADPU-da elmi-tədqiqat işlərinin səviyyəsinin yüksəldiyini, professor-müəllim heyətinin impakt-faktor göstəricili jurnallarda dərc edilən elmi məqalələrinin sayının artdığını bildirmiş, magistrantların elmi yaradıcılığına daim diqqət göstərildiyini vurğulamışdır. Qeyd etmişdir ki, ADPU-da son dörd il ərzində hər il magistrantların respublika elmi konfransının keçirilməsi, magistr dissertasiya işlərinin mövzularına elm komissiyasında baxılması, universitetin qabaqcıl professor-müəllim heyətinin magistratura səviyyəsində həm tədris prosesinə, həm də magistr dissertasiya işlərinə rəhbərliyə cəlb edilməsi, magistrantların elmi-pedaqoji və elmi-tədqiqat təcrübəsinin səmərəli təşkili keyfiyyətli magistr hazırlığına öz töhfəsini verir. ADPU-nun təsisçiliyi ilə “MAGİSTRANT” dövri-elmi jurnalının nəşr edilməsi (Jurnalın ilk nömrəsi bu günlərdə elmi ictimaiyyətə təqdim ediləcəkdir.) universitetdə aparılan məqsədyönlü elmi fəaliyyətin məntiqi nəticəsidir. 
Prof. A. Zamanov bildirdi ki, konfransın elmi bölmələrində mütəxəssislər tərəfindən müsbət qiymətləndirilən məruzələrin tezisləri, həmçinin məqalələr toplu şəklində çap edilib magistrantlara çatdırılacaqdır.  Magistrantların IV Respublika Elmi Konfransının təşkili ilə əlaqədar işlərin vaxtında icra edilməsində konfransın təşkilat komitəsinin işini yüksək qiymətləndirmiş, iştirakçılara uğurlar arzulamışdır.


ADPU-nun sosial və humanitar məsələlər  üzrə prorektoru, professor  Fikrət Rzayev, Məktəbəqədər  təhsilin  pedaqogikası kafedrasının müdiri, professor  Müseyib İlyasov, İbtidai təhsil fakültəsinin dekanı, professor  Fərrux  Rüstəmov, İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri, dosent Yaqut  Rzayeva, Ümumi pedaqogika kafedrasının  müdiri, professor  İramin İsayev çıxış  edərək  konfransın təşkilini yüksək qiymətləndirmişlər.


Konfransın plenar iclasında  ADPU-nun   magistrantı  Zeynəb Abdullayeva “Təhsilin idarə edilməsində menecment işinin elmi-pedoqoji əsasları”,  ADNSU-nun  magistrantı Ruhəngiz Qurbanova “Qeyri-səlis məntiqə əsaslanan PID nəzarətçinin dizaynı”,  BDU-nun  magistrantı Tamilla Babayeva  “Lənkəran-Astara iqtisadi rayonunda kənd məskunlaşması və onun inkişafında yaranan problemlər”  mövzusunda  məruzələrlə çıxış etdilər.


Plenar iclasdan sonra konfrans öz işini iki gün ərzində “İnnovasiyalar və təhsilin keyfiyyəti”,  “Təhsilin təşkili və idarə edilməsi”,   “Təhsildə sosial-psixoloji xidmət”  və  “Tədrisin müasir problemləri” bölmələrində  davam etdirib və uğurla yekunlaşıb.

Xəbər lenti